Media

  • ⠀⠀

    11 Aprel 2019
    İstehsal müəssisələri qida təhlükəsizliyi üzrə beynəlxalq standartları daha geniş tətbiq edərlərsə..
    Uzunömürlü olmaq, sağlam yaşamaq üçün sağlam qidalanmaq əsas şərtlərdən biridir. Son illər ölkədə qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. İstehsal olunan məhsulların istehsal prosesi, xammalın tərkibi, məhsulun saxlanma şəraiti və digər bu kimi vacib məqamlara diqqət əvvəlki illərə nisbətən daha da artırılıb. Görülən işlər, aparılan monitorinqlər barədə Qida Təhlükəsizliyi və Qida Məhsullarının keyfiyyəti üzrə mütəxəssis, ekspert Elmar Cəmilov “İqtisadiyyat.Az” saytına danışıb.

    1. Azərbaycanda qida təhlükəsizliyi beynəlxalq standartlara cavab verirmi?


    - Azərbaycanda qida təhlükəsizliyinə  yeni yanaşma tətbiq olunur. Artıq dövlətin də bu sahədə öz qayğısını və maraqlarını görürük. Demək olar ki, Azərbaycanda qida təhlükəsizliyi mövzusu daha da aktuallaşmağa başlayıb. Respublikada bir çox istehsal müəssisələrində yeni idarəetmə sistemləri qurulmuşdur və həmin idarəetmə sistemlərinin təsdiqi olaraq, həmin müəssisələr beynəlxalq sertifikatlaşma prosesindən keçirlər. Artıq siz məhsulun üzərində beynəlxalq standartın adlarını görə bilərsiniz. Bu onu göstərir ki, artıq müəssisə sahibləri, istehsal subyektləri yeniliklərə can atırlar və öz məhsullarının rəqabətqabiliyyətinin artırılması, imicinin yüksəlməsi üçün bir çox standartlar tətbiq edirlər və həmçinin də onunda faydalarını görürlər. Lakin onu da qeyd etmək lazımdır ki, nümunəvi müəssisələrin sayı azıdr, qida təhlükəsizliyi norma və qaydalarına əməl etmək, rəhbər tutmaq digər istehsalçılara da aid olmalıdır. Gigiyena və digər tələbləri zəif tətbiq edən müəssisə sahibləri öz idarəetmə sistemlərini gücləndirməli, beynəlxalq standartın tələblərini tətbiq etməlidirlər. Azərbaycanda qida təhlükəsizliyinin artırılması üçün həmçinin burada həm istehlakçıların, həm istehsal subyektlərinin böyük rolu vardır.
    2. Ölkəmiz üçün beynəlxalq standartların faydası nədən ibarətdir?


    - Azərbaycan artıq dünya bazarında öz sözünü demiş, öz mövqeyini göstərmiş bir ölkədir. Mən hesab edirəm ki,  beynəlxalq standartların tətbiq edilməsi Azərbaycanın xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, məhsulların ixrac potensialının yüksəlməsinə, həmçinin də təhlükəsiz qida ilə təmin edilməsinə, istehsal subyektlərində gəlirlərin  artmasına və daxili tələbatı ödəməyimizdə də çox böyük əhəmiyyəti var. Çünki beynəlxalq standartın qoyduğu tələblər qanunvericiliyin qoyduğu tələblərdən daha üstündür. Burada fayda ondan ibarətdir ki , istehlakçı mağazadan hansısa bir məhsulu aldıqda onun üzərində qeyd olunmuş beynəlxalq standarta uyğun sertifikatlaşdırılmasını görərsə, bu istehlakçıda əminlik yarada bilər. Əmin olur ki, bu məhsul artıq müəyyən qida təhlükəsizliyi idarəetmə sistemi tətbiq olunan, qurulan müəssisədə istehsal olunubdur. İstehsal müəssisələrinin də əsas rolu, faydası ondan ibarətdir ki, burda istehsal olunan məhsul təhlükəsizdir və o qida zəncirində öz imicini qoruyub saxlaya bilir. İstehsal potensialını artırır, xərclərinə qənaət edir, öz resurslarından optimal qaydada istifadə edir və istehsalında qida zənciri boyunca öz risklərinə daha dinamik və düzgün nəzarət edə bilir. Dövlət subyektlərinin nəzarət orqanlarının da əsas faydası ondan ibarətdir ki, burada nəzarət orqanları əsasən, yeni standart tətbiq olunan müəssisənin inspeksiya və auditini daha rahat formada həyata keçirir və standart qurulan müəssisələrdə audit eləmək onların həm vaxt baxımından, həm də ki, bir çox səmərələr verir.


    3. Azərbaycanda qida təhlükəsizliyinin standart normalarına necə riayət olunur ?
    - Azərbaycanda qida təhlüksizliyinin standart normalarına əsasən, dövlətin qoyulan tələblərinə riayət olunması ən minimal formada həyata keçirilir. Lakin ondan da əlavə daha çox tələblər yerinə yetirilməlidir, qida təhlükəsizliyi, çarpaz çirklənmə qayda və prinsiplərinə riayət olunmalıdır. İstər istehsalat müəssissələrinin, istər personalın bu qaydalara riayət etmələri hal-hazırda qənaətbəxş deyil. Çünki burada nə işçi heyyət, nə müəssisə sahibi bu barədə yetərli formada məlumatlı deyillər. Amma qida təhlükəsizliyinin təmin edilməsi üçün hansı tələblər mövcuddursa, onlar haqqında da məlumatlı olmaları əsas şərtlərdəndir. Bunun üçün istehsalçılar qida təhlükəsizliyi standartlarının yenilənmiş versiyalarını tətbiq etməli, sertifikatını təmin etməli, bu sahədə fəaliyyət göstərən peşəkar müəssisələrin məsləhət, təlim, audit xidmətlərindən yararlanmalıdırlar.
    4. İstehsalat müəssisələrində xoşagəlməz vəziyyətlə rastlaşdığınız halda hansı tədbirlər görürsünüz?


    - Belə olan hallarda həmin istehsalat müəssisəsinə tədbirlər planı hazırlayırıq və problemin aradan qaldırılması istiqamətində beynəlxalq standartların tələblərini tövsiyə edirik. Həmçinin çatışmazlıqların aradan qaldırılması üçün birinci növbədə təlimlər keçirilməlidir. Müəssisənin istehsal etdiyi məhsuldan və fəaliyyət sahəsindən asılı olaraq, müəyyən idarəetmə standartları üzrə işçi heyyət təlimlərə cəlb edilməlidir. Onlar düzgün istehsalat təcrübələrindən, düzgün gigiyenik qaydalardan məlumatlı olmalıdırlar. HACCP, ISO 22000:2018 kimi qida standartlarının qurulması üzrə məsləhət xidmətindən, vaxtaşırı xarici auditlərdən istifadə etməli, yenilənmiş qida standartları ilə ayaqlaşmalıdırlar.Bu standartların istehsalçı üçün həm daxili, həm də xarici səmərələri vardır. Daxili səmərələrindən ən önəmlisi odur ki, o məhsulu tam təhlükəsiz formada müştərilərə təqdim edə və qida risklərini minumuma endirmiş ola bilər. Xarici səmərələrə isə daxildir ki, əgər istehsalat müəyyən beynəlxalq standartların tələblərinə cavab verirsə, artıq onun sertifikatlaşdırılmış məhsulu xarici və yerli bazarda alıcı kütləsini, rəqabət qabiliyyətini artıra bilər.


    5. İnsan orqanizmi üçün zərərli məhsulu istehsalçı bilərəkdən istehsal edirsə, bunun qarşısı necə alınmalıdır?
    - Bu kimi halların qarşısının alınması üçün istehlakçılar da fəal olmalıdırlar. Onlar bazarda, market şəbəkələrində təhlükəli qida ilə, yəni istehsalçısı məlum olmayan, üzərində məlumatlar aydın şəkildə qeyd edilməyən, antisanitar şəraitdə təqdim edilən məhsullarla rastlaşarlarsa, öz hüquqlarını tələb etməli, bu kimi məhsulları almaqdan çəkinməlidirlər.Həmçinin, rastlaşdıqları uyğunsuzluqları ictimailəşdirməli, aidiyyatı qurumlara məlumat verməlidirlər.İstehsal müəssisəsi əgər təhlükəli məhsul istifadə edirsə, ilk növbədə onun özü bundan zərər görür. Çünki bu onun imicinin aşağı düşməsinə, qida biznesinin bağlanmasına səbəb ola bilər. Ona görə də biz bu sahədə göstərdiyimiz geniş xidmətlərimizdən istifadə etməyi istehsal müəssisələrinə tövsiyə edirik. Biz məsləhət görürük ki, nöqsanlar müəyyən vaxt ərzində aradan qaldırılsın və “tarladan süfrəyədək zənciri”ndə qida təhlükəsizliyi prinsiplərini qoruyub saxlamış olsun. “Tarladan süfrəyədək” prinsipi artıq insanlar arasında daha çox başa düşülən məfhumdur. Əgər biz toyuq istehsalı müəssisəsindən danışırıqsa, burada prosesin başlanğıcı toyuqların yemləndirilməsi, qidalandırılmasıdır. Əgər təbii yemlərdən yox, digər geni dəyişilmiş qatqılardan,yemlərdən istifadə olunarsa, bu öz növbəsində hazır məhsulun da keyfiyyət və təhlükəsizliyinə təsirini göstərəcək. Bunun üçün də sahibkarlar qida istehsalında iş qururlarsa, ilk növbədə prosesin təməlini düzgün formada qurmalıdırlar.


    6. Sağlam qidanı əldə etmək üçün vətəndaşlarımıza hansı məsləhətləri verirsiniz ?

    - Sağlam qidanı əldə etmək üçün istehlakçı aldığı məhsulun üzərində olan qeydlərə diqqət etməlidir. Burada istehlakçıların üzərinə böyük məsuliyyət düşür, çünki hər bir məhsulun üzərində həmin məhsulun saxlanma şəraiti və istifadə müddəti haqqında məlumatlar qeyd olunur. Mütləqdir ki, məhsulu alarkən qablaşdırılmasına, bütövlüyünə, etiketlənməsinə, yararlıq müddətinə fikir verməlidirlər. Çalışmaq lazımdır ki, qablaşdırılmış qidalardan istifadə edək. Yəni ki, küçə ticarəti, qida məhsullarının açıq satıldığı yerlər var, amma ki, qida təhlükəsizliyində izlənəbilirlik deyə bir tələb də var. Qəbul etdiyimiz qablaşdırılmış qida bizim səhhətimizə hansısa bir problem yaradarsa, həmin o məlumatlarla onu araşdırmaq imkanımız olur. İzlənəbilirliyin mənası bu deməkdir. Buna görə də istehlakçılar və alıcılar əsasən, qablaşdırılmış qidalara üstünlük verməlidirlər.
    7. Bu il üçün hansı yeni planlarınız var?


    - Bəli, bu il də çoxşaxəli planlarımız var. Burada əsas məqsəd sahibkarlıq subyektlərinə köməklik etmək, onların istehsal fəaliyyətlərinə töhfə vermək, beynəlxalq standartların qurulmasına dəstək verməkdir. Bizim əsas istiqamətimiz sahibkarları yəni istehsalçı müəssisələri və istehlakçıları qida təhlükəsizliyi vəv gigiyena sahəsində maarifləndirməkdir.


    https://iqtisadiyyat.az/az/post/istehsal-muessiseleri-qida-tehlukesizliyi-uzre-beynelxalq-standartlari-daha-genis-tetbiq-ederlerse---food-cert-2538 
    Qalereya
    Paylaş
Təklif Al